13 fevral 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yeni qulluğa qəbul edilmiş əməkdaşları ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Səxavət Bəylərli qonaqları salamlayaraq yeni ədliyyə qulluqçularını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu edib. S.Bəylərli ölkədə aparılan məhkəmə-hüquq islahatları haqqında ümumi məlumat verib, bu islahatların həyata keçirilməsində ədliyyə orqanlarının rolunu qeyd edib. O, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmə kollegiyalarının fəaliyyəti, mübahisələrə məhkəmələrdə baxılması və məhkəmə aktlarının icrası ilə bağlı məlumatları da əməkdaşların diqqətinə çatdırıb.
Daha sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını ziyarət edib, ayrı-ayrı şöbələrin iş sistemi ilə bağlı məlumatlandırılıblar.
Sonda xatirə fotoşəkli çəkilib.