Dekabrın 17-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş Aida Hüseyn kollektivə təqdim edilib.
Təqdimatdan öncə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yeni təyin olunmuş sədri Aida Hüseyn Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeydə Ulu Öndərin zəngin dövlətçilik irsi, çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, burada Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində baş tutan təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını kollektivin diqqətinə çatdıraraq qeyd edib ki, Aida Hüseynin həm əvvəlki, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsində peşəkar, ədalətli və prinsipial fəaliyyəti yüksək qiymətləndirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunub.
Çingiz Əsgərov hüquqi sahədə aparılan instutisional və qanunvericilik islahatları barədə məlumat verərək bildirib ki, ölkədə hakim sayının artırılması, hakimlərin iş yükünün azaldılması, texnoloji sahədə yeni yanaşmaların məhkəmə sistemində tətbiqinə dair həyata keçirilmiş və gələcəkdə icrası nəzərdə tutulmuş tədbirlər ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Aida Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunması ölkədə aparılan bütün bu islahatların paralel olaraq Naxçıvan Muxtar Respublikasında da tətbiqi ilə yanaşı, Məhkəmədə mövcud olan gözəl ənənələrin davamına, sağlam və səmərəli komanda mühitinin qorunub saxlanmasına, Naxçıvanın ictimai və hüquqi mühitinin inkişafına töhfə verəcəkdir.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunması münasibətilə Aida Hüseyni təbrik edərək ona fəaliyyətində uğur arzulayıb. Samir Seyidəhmədli bildirib ki, ölkənin bütün regionları kimi Naxçıvan Muxtar Respublikası da ölkə başçısının daim diqqət mərkəzindədir. Buna uyğun olaraq artıq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, bölgə rezidentlərinin 2026-cı il yanvarın 1-dən etibarən mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edilmələri, muxtar respublikada azad iqtisadi zonanın yaradılması kimi qərarların icrası istiqamətində işlərə başlanıb və genişmiqyaslı layihələr hazırlanıb. Bütün bu layihələrin həyata keçirilməsi üçün hüquqi mühitin tənzimlənməsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən məhkəmələrin əhəmiyyəti danılmazdır. Samir Seyidəhmədli bildirib ki, bu prosesdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi lazımi dəstəyi göstərməyə hazırdır.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vəzifəsinə təyin olunmuş Aida Hüseyn ona göstərilmiş etimada görə ölkə başçısına minnətdarlığını bildirib, öhdəsinə düşən vəzifənin şərəflə yerinə yetirilməsi üçün səylə çalışacağını qeyd edib.









