Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi vətənin bütövlüyü uğrunda canından keçmiş Rzalı Daşqın Elşad oğlu, Məmmədov Sahib Yaşar oğlu və Seyidov Miryasin Mirqafar oğlunun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüşlər zamanı bildirilib ki, Vətən müharibəsi və Antiterror əməliyyatında Müzəffər Ordumuz Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Şanlı tariximizi möhtəşəm Qələbə ilə şərəfləndirdi. 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.
Şəhidlərimizin ailələri qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları vurğulanıb. Kollektiv üzvləri şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, şəhid Rzalı Daşqın Zəngilan rayonu, şəhid Sahib Məmmədov Cəbrayıl rayonu və şəhid Miryasin Seyidov Şuşa şəhəri istiqamətdə gedən döyüşlərdə şəhid olublar.






